Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 12 min 45 abituriyent iştirak edib.
Dövlət İmtahan Mərkəzindən (DİM) 1news.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə 10 min 467 plan yerləri ayrılıb.
Bildirilir ki, müsabiqədə iştirak edənlərin 9 min 3 nəfəri, o cümlədən 4 min 115 nəfəri dövlət ödənişsiz, 4 min 239 nəfəri dövlət ödənişli, 649 nəfəri isə özəl təhsil müəssisəsinə ödənişli təhsil forması üzrə qəbul olunub. Qəbul planı ümumilikdə 86.01 faiz yerinə yetirilib. Vakant yerlərin ümumi sayı 1464-dür (13.99 faiz).
Müsabiqənin nəticələrinə əsasən dövlət təhsil müəssisələrinin 824, özəl təhsil müəssisələrinin isə 476 ödənişli yeri boş qalıb. Ödənişsiz vakant yerlərin sayı isə 164-dür.
Cari ildə 44 orta ixtisas təhsili müəssisəsinə tələbə qəbulu aparılıb.
Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
Orta ixtisas təhsili müəssisələri üzrə boş qalan plan yerləri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq və avqustun 23-dən 30-dək boş qalan yerlərə ixtisas seçimi aparılacaq.
1news.az