Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” 2017-ci il 30 iyun tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini, həmin qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlamaq, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə “İşsizlikdən sığorta haqqında” qanunun 17.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını və ərizəyə əlavə olunan sənədlərin siyahısını üç ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan prezidentinə məlumat verməlidir.
Babək Cahandarov