Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Saatlı rayonunun Qaracalar kənd sakinləri yol təmiri layihəsinin başa çatmasını qeyd ediblər.
1news.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.
Təmir olunmuş 600 metrlik yol 1200-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdıracaq. Yeni yol sakinlərin Saatlı rayon mərkəzinə çıxışını asanlaşdıracaq, gediş-gəliş vaxtını və xərcini azaldacaq, məktəbə davamiyyəti artıracaq, habelə fövqəladə vəziyyətlərdə yardım göstərmək imkanlarını yaxşılaşdıracaq.
Ümumilikdə, EWMI Azərbaycanın 88 icmasında 150,000-dən artıq insanın faydalana biləcəyi 100 icma layihəsi həyata keçirib. USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.
Pərvanə Sultanova