İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.
1news.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məlumat aidiyyəti üzrə Quba Rayon Polis Şöbəsinə ötürülüb.
Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəlib. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını və meşədə gəzərkən azdığını bildirib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən Günel 30 dəqiqədən də az müddətdə sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.
Babək Cahandarov