Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən 1news.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində “Astara” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızı İrandan Azərbaycana qayıdarkən saxlanılaraq, əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkarlanaraq götürülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi, Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1news.az