Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsi davam edir.
1news.az-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, iki gündə imtahanda səkkiz minə yaxın şəxs iştirak edib. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə on və məntiq üzrə on sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün 47 minə yaxın şəxsin elektron ərizəsi təsdiq olunub.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər müsabiqənin test mərhələsindən sonra vakansiya seçimini edə biləcəklər.
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən, ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.
İmtahanlar avqustun 5-dək davam edəcək.
Babək Cahandarov