“ASAN xidmət”in tam yenilənmiş korporativ saytı vətəndaşların istifadəsinə verilib.
Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat veriblər.
Məlumata görə, vətəndaşların rahatlığını təmin etmək üçün yaradılmış yeni saytın əsas səhifəsi 8 bölmədən ibarətdir.
Vətəndaşlar saytın “ASAN xidmətlər”, “ASAN Kommunal”, “Səyyar ASAN xidmət” bölmələrinə daxil olaraq, göstərilən xidmətlər barədə ətraflı məlumat ala bilərlər.
“Onlayn növbə” bölməsinin köməyi ilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən qabaqcadan müvafiq xidmət üçün növbəyə yazılmaq mümkündür.
“ASAN könüllülük” məktəbinin fəaliyyəti ilə yaxından tanış olmaq və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat əldə etmək üçün yenilənmiş saytda könüllülərin “ASAN School” təcrübə məktəbinə interaktiv keçid yerləşdirilib.
Yenilənmiş saytın “Statistika” bölməsində “ASAN xidmət”ə daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumatlar əks olunub. Saytın əsas səhifəsində həmçinin “ASAN Ödəniş” portalına keçid təqdim edilib. “Çağrı mərkəzi” bölməsində isə “ASAN xidmət”in 108 qısa nömrəsi ilə vətəndaşları dövlət xidmətləri haqqında məlumatlandıran “Çağrı mərkəzi”nin fəaliyyəti barədə məlumat yer alıb.
Saytdan istifadənin maksimum asanlaşdırılması üçün yenilənmiş və rahat daxili naviqasiya sistemi tətbiq olunub. Bu, vətəndaşlara cəmi bir neçə addıma onları maraqlandıran suallara cavab tapmağa imkan verir.
Bundan başqa, “ASAN xidmət”in yeni saytı mobil telefon istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb və Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Saytın bu və digər yenilikləri ilə www.asan.gov.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.
Babək Cahandarov