İyulun 18-də Vergilər Nazirliyində Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin Media və Kommumikasiya Mərkəzindən 1news.az-a verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.
Nazir müavini bildirib ki, Vergilər Nazirliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində xarici ölkələrin, o cümlədən ABŞ-ın vergi orqanları ilə əməkdaşlığı genişləndirir.
İ.Vəliyev Amerika Ticarət Palatası (AmCham) ilə birlikdə vergi konfranslarının təşkil edildiyini qeyd edərək, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində müstəsna rol oynadığını diqqətə çatdırıb. Nazir müavini Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamına toxunaraq bildirib ki, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası zamanı AmCham-la birlikdə keçirilmiş görüşlərdə səslənən tövsiyyələr də nəzərə alınıb.
Qeyd edib ki, ABŞ-la əməkdaşlığın davamı olaraq 2015-ci ildən “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş” qüvvəyə minib. Bu sazişə əsasən, tərəflərin vergi ödəyicilərinin bank hesabları, həmin hesablara aid əməliyyatlar barədə məlumatların mübadiləsi həyata keçirilir.
Qonaqlara “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verilib. Qeyd edilib ki, nazirliyin əsas icraçı olduğu sahələrdən biri əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsidir. Hazırda Azərbaycanda ABŞ-a məxsus 300-ə yaxın müəssisə və təşkilat fəaliyyət göstərir və investisiya mühitinin daha da əlverişli vəziyyətə çatıdırılması bu müəssisələrin sayının artmasına təkan verəcək.
ABŞ Missiya Rəhbərinin müavini Uilyam Gill Azərbaycanın vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Strateji yol xəritələrinin uğurlu təşəbbüs olduğunu qeyd edən qonaq vergi güzəştlərinin təyin edilməsi, investisiya mühitinin yaxşılaşdırlması, vergi rejiminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məsələlərinin doğru hədəflər olduğunu vurğulayıb. Azərbaycanla iqtisadi münasibətlərin uğurla davam etdiyini bildirən U.Gill bu sahədə əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə nümayəndə heyətinin üzvləri ilə ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub və bir sıra suallar cavablandırılıb.
Babək Cahandarov