Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və səfirliyin bir qrup əməkdaşı Füzuli rayonunun Alxanlı kəndinə səfər edəcək.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, səfər çərçivəsində səfir iyulun 4-də erməni hərbi birləşmələrinin Alxanlı kəndində dinc sakinləri atəşə tutması nəticəsində həlak olan 2016-cı il təvəllüdlü Zəhra Quliyeva və nənəsi, 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyevanın məzarlarını ziyarət edəcək.
Nümayəndə heyəti, həmçinin Zəhra Quliyevanın ailə üzvləri ilə görüşəcək, hadisənin baş verdiyi əraziyə baxış keçirəcək.
Səfər çərçivəsində Ş.Fayziyev hadisə nəticəsində ağır yaralanan Alxanlı kənd sakini, 1965-ci il təvəllüdlü Səlminaz Quliyevanın müalicə olunduğu Horadiz şəhər Xəstəxanasında yaralının vəziyyəti ilə maraqlanacaq.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.
S.Xankişiyeva