İyulun 18-də kənd təsərrüfatı naziri Heydər Əsədovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşündə “FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində təqdim olunan yeni layihələr müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, nazir Heydər Əsədov FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Görüşdə “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu sisteminin yaradılması”, “Azərbaycanda arıçılığın inkişafı vasitəsilə əhalinin gəlirlərinin artırılması”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “Dayanıqlı qoyunçuluq və ərzaq məhsullarının dəyər zəncirlərinin hazırlanması və qəbulu” layihələrinin ayrılıqda hər bir komponenti üzrə müzakirələr aparılıb. Nazir gələcəkdə səmərəliliyin artırılması məqsədilə hər bir layihə üzrə müvafiq tövsiyələrini verib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak qeyd olunan dəyişiklikləri və təklifləri nəzərə almaqla yeni layihələrin həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
1news.az