Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 9 min 98 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazirliyin Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən bərpa-müalicə müəssisələrinin də kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, ilin birinci yarımilində nazirliyin bərpa mərkəzlərində 4311 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Bu dövrdə ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən isə 4787 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslər ümumilikdə 14 min 506 protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin olunublar. O cümlədən əlilliyi olan şəxslərə 214 əlil arabası və 897 aşağı və yuxarı ətraf ortezi, bel və boyun nahiyəsi üçün 295 korset, 581 ədəd aşağı və yuxarı ətraf protezi, müxtəlif növlərdə 4662 reabilitasiya vasitəsi, 2283 cüt ortopedik ayaqqabı, 610 cüt dirsəkaltı ağac, 755 əsa, 259 dördayaqlı dayaq vasitəsi və s. verilib.
Son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılaraq müvafiq təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Hazırda bu istiqamətdə işlər digər bir sıra reabilitasiya müəssisələrində də davam etdirilir.
Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də elektron texnologiyalar üzərində qurulması təmin edilib. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində yaradılan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə əlilliyin qiymətləndirilməsi prosesi məmur-vətəndaş təmasları olmadan, avtomatlaşdırılmış şəraitdə və şəffaf şəkildə yerinə yetirilir.
1news.az