Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, iyulun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 111 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Surrada 2 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 sm (2016-cı il iyulun 17-də 356 sm), Şirvanda 173 sm, Salyanda 90 sm (2016-cı il iyulun 17-də 120 sm), Bankədə 171 sm (2016-cı il iyulun 17-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2016-cı il iyulun 17-də 48 sm) təşkil edir.
1news.az