Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu ərəbdilli mətbu orqanı olan “Əl-Bəyan” qəzetində “Azərbaycan qədim sivilizasiya...və sehrli təbiət” sərlöhvəli məqalə dərc olunub.
1news.az-a ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, məqalə müəllifi Azərbaycanın min illər boyu qədim sivilizasiyanın beşiyi olduğunu, tarixi abidələri, görməli yerləri ilə seçildiyini və miladdan öncə üçüncü minilliyin əvvəllərində Urmiya gölü hövzəsindəki Azərbaycan ərazilərində ilk dövlətin yarandığını qeyd edib.
Azərbaycanın strateji mövqeyi ilə seçildiyini diqqətə çatdıran müəllif, Azərbaycanın coğrafi mövqeyi barədə oxucularına məlumat verib, paytaxt Bakının bir tərəfdən Avropa tipli bir şəhəri, digər tərəfdən isə İslam memarlığını, Şərq üslubunu xatırlatdığını bildirib, buradakı memarlıq abidələrinin və şəhər arxitekturasının müxtəlifliyini və çalarlığını qeyd edərək, qədim tarixə malik İçəri şəhərin YUNESKO-nun Ümumdünya irsi siyahısına salındığını, burada qədim memarlıq abidələrindən Şirvanşahlar sarayının və Qız qalasının mövcud olduğunu diqqətə çatdırıb.
Azərbaycanın füsunkar təbiətə, əlverişli iqlimə malik olduğunu qeyd edən məqalə müəllifi, paytaxt Bakıdan 225 km məsafədə yerləşən Qəbələnin geniş yaşıllıq sahəsinə büründüyünü, uca dağlar və dərin vadilər arasında yerləşdiyini bildirib, eyni zamanda turistləri cəlb edən bir şəhər kimi Qəbələdə turistlər üçün əlverişli şəraitin yaradıldığını, 1660 metr uzunluğunda telefrikin fəaliyyət göstərdiyini, burada məşhur şabalıd meşələrinin olduğunu bildirmiş, şəhərə gələn turistlərin 90%-ni Körfəz dövlətlərindən olan ərəb turistlərin təşkil etdiyini diqqətə çatdrıb , bir sözlə, Qəbələnin heyrətamiz təbiətə malik olduğunu vurğulayıb.
Qəbələ sakinlərinin xalçaçılıq sənəti ilə də məşğul olduğunu bildirən müəllif, xalçaçılıq sənətinin Azərbaycanın ənənəvi qədim sənət nümunələrindən biri olduğunu və bu sənətin nəsildən-nəsilə ötürüldüyünü qeyd etmiş, şəhərin müxtəlif beynəlxalq musiqi festivallarına ev sahibliyini etdiyini diqqətə çatdırmış, Qəbələni dadlı və ləziz yeməklər ünvanı kimi dəyərləndirərək, Azərbaycanın qədim tarixi və memarlığında Qəbələnin öz xüsusi yeri olduğunu bildirib və Qəbələni ziyarət edənlərin Azərbaycanın gizli sehrini və təbii gözəlliyini kəşf etdiklərini vurğulayıb.
Müəllif ölkəmizin qədim mədəniyyət və sivilizasiya beşiyi olduğunu qeyd edərək, bu mədəniyyətin formalaşmasında Azərbaycan Musiqi Akademiyasının, Akademik Milli Dram Teatrının, Opera və Balet Teatrının və Azərbaycan Kinostudiyasının mühüm rolu olduğunu bildirmiş, Azərbaycanda hər il – Bakı beynəlxalq kino festivalının, Bakı beynəlxalq Caz festivalının, Novruz bayramı festivalının, gül bayramının, milli teatr festivalının və sair keçirildiyini və paytaxt Bakının müxtəlif sərgi və beynəlxalq konfranslara ev sahibliyi etdiyini oxucularının diqqətinə çatdırıb.
O, Bakıda gözoxşayan müasir tipli binaların, göydələnlərin inşa edildiyini bildirmiş və qeyd etmişdir ki, bir sözlə özünəməxsus ənənəvi görünüşü və Şərq ilə Qərb arasında coğrafi körpü olan Bakını Şərqin Parisi adlandırmaq olar.
Müəllif Fly Dubai şirkətinin 29 iyun tarixindən etibarən Dubay-Qəbələ marşrutu üzrə həftədə iki reys həyata keçirdiyini və bu reysin 17 sentyabr tarixinədək davam edəcəyini bildirib. Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkə vətəndaşlarının Azərbaycana giriş vizasının ölkəmizin hava limanlarında əldə etdiklərini xatırladıb və turistləri Azərbaycan gözəlliyindən, valehedici təbiətindən yararlanmağa çağırıb.
Ətraflı bu linkdə:
http://www.albayan.ae/economy/tourism/2017-07-14-1.3001790
Pərvanə Sultanova