Meksikanın Azərbaycandakı səfirliyi Xaçmaz şəhərində keçirilən 2-ci Beynəlxalq Dolma Festivalında iştirak edir.
1news.az-a səfirlikdən verilən məlumata görə, tədbirdə iştirakın məqsədi ikitərəfli mədəni əlaqələri inkişaf etdirmək, YUNESKO tərəfindən Bəşəriyyətinin Qeyri-Maddi Mədəni İrsi elan olunmuş Meksika mətbəxini təşviq etmək və milli adətləri tanımaq və onların arasında oxşarlıqlar tapmaqdan ibarətdir.
Azərbaycanda ilk dəfə olaraq “Tamal” təamının rəsmi təqdimatı olacaq. Tamalın kökü ispanların gəlişinə qədərki dövrə aiddir. O zamanlar həmin yemək dini mərasimlər zamanı ehsan kimi təqdim olunurdu. Hazırda bu yemək Meksikanın mətbəxi və mədəniyyətində vacib yer tutur. Bu təamın 500-dən artıq növü var. Tamal sözünün mənşəyi nauatl dilindəki “Tamally” sözündən irəli gəlir və “dolma” mənasını verir. Qarğıdalı, banan yarpağına və ya digər yarpağa bükülə bilər.
Tamal necə hazırlanır? Şirin və ya şirin olmayan hazır içlik xəmirlə qarışdırılır və ya xəmirə doldurulur. Sonradan banan, qarğıdalı yarpaqlarına və ya digər yarpaqlara bükülərək buxarda bişirilir.
Pərvanə Sultanova