Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 15-də saat 16:00-dan etibarən 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
DİM-dən 1news.az-a bildiriblər ki, nəticələri bu qurumun internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar. İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 508 namizəddən 470-i təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 154-ü oğlan, 316-sı isə qızlardır. 285 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur.
Qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının dördüncü sayını iyulun 17-dən etibarən aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Jurnalın elektron versiyasını da (pdf formatında) iyulun 17-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri iyulun 18-dən 24-dək müvafiq quruma: Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.
Qeyd edək ki, müsabiqənin nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM tərəfindən Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya Komissiyasına iyulun 17-18-də saat 10.00-dan dan 17.00 dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
1news.az