Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıblar.
Baş Prokururluqdan 1news.az daxil olan məlumata görə, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Belə ki, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkar olunub.
Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Akayev Hüseyn Ramazanoviç tərəfindən törədilməsinə kifayət qədər şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaq cəlb olunub.
Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.
Babək Cahandarov