İyulun 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın yəhudi əsilli oğlu, Milli Qəhrəman, Həzi Aslanov ordeni ilə təltif edilmiş şəhid Albert Aqarunova həsr olunan “Yaşadığım torpaq” adlı bədii süjetli filmin təqdimat mərasimi keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, filmin rejissoru “Odlar Yurdu” İsrail-Azərbaycan Teatrının bədii rəhbəri Səadət Şükürovadır.
Ekran əsərində Milli Qəhrəman Albert Aqarunovun uşaqlıq illərindən başlayaraq döyüş yolunadək həyatı əks olunub. Filmdə Albert Aqarunovun vaxtilə cəbhə bölgəsində çəkilmiş lent yazısı, silahdaşlarının onun haqqında söylədikləri fikirlər də yer alıb. Döyüş yoldaşları və yaxınları Albert Aqarunovu Vətəni sevən, yaşadığı torpaq uğrunda canından keçməyə hazır olan insan kimi xarakterizə ediblər. Bildirilib ki, Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb və Şuşada döyüşüb. Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və həlak olub.
Filmin nümayişindən sonra yaradıcı heyət “Odlar Yurdu” İsrail-Azərbaycan Teatrının diplomu ilə təltif edilib.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev bildirib ki, yəhudilər Azərbaycanın xoş gününə sevinib, pis günündə onun yanında olublar. O, Albert Aqarunov kimi vətənpərvər oğullarımızla qürur duyduğunu söyləyib.
Albert Aqarunovun cəbhə yoldaşı Zahid Nəzərov Milli Qəhrəmanın döyüşçü və insan kimi keyfiyyətlərindən danışıb. Digər çıxış edənlər həm Albert Aqarunovun qəhrəmanlığı, həm də təqdimatı keçirilən filmin uğurlu alınması barədə fikirlərini bölüşüblər.
1news.az