Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyulda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.
Komitədən 1news.az-a verilən məlumata görə, hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraclar müasir şəraitdə, tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Hərracda Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aid olub.
Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nəsimi, Pirallahı, Qaradağ rayonlarında, regionlardan isə Sumqayıt, Lənkəran, Cəlilabad və Oğuzda yerləşir.
Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə ictimai maraq kifayət qədər böyük olub. Hərraca çıxarılan 1 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi investorlar arasında rəqabət yaradıb. Bakının Qaradağ rayonunda yerləşən 60 saylı mağaza hərraca çıxarılan ilkin qiymətinin 6 misli qədər daha yüksək qiymətə özəlləşdirilib. Beləki, 23 min 500 manata təqdim olunan kiçik dövlət müəssisəsinə 151 min manat ən son qiymət təklif edilib. Həmçinin paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 57,7 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin start qiyməti 100 min manat olsada 162 min manata sahibini tapıb. Digər rəqabətli şəkildə özəlləşən əmlak Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Beləki, ümumi faydalı sahəsi 28,2 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin qiyməti hərracda 3 min 500 manatdan 9 min manatadək artıb.
Bu isə özəlləşdirmə prosesində şəffaflığın artmasının, elektron xidmətə keçidin daha da genişləndirilməsinin, investorlar üçün hərraca kifayət qədər maraqlı əmlakların çıxarılmasının nəticəsidir. Eyni zamanda özəlləşmə, hərraclarla bağlı geniş ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması, televiziya kanallarında məlumat xarakterli video-çarxların nümayiş olunması da özəlləşmə prosesinin sürətlənməsinə, hərraclara olan marağın artmasına səbəb olub.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 28,8 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsini və Sabunçu rayonunda yerləşən 37 saylı mağazanı göstərmək olar.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Bu dəfəki hərracda Lənkəran şəhərində yerləşən “Lənkəran Broyler” səhmdar cəmiyyətinin 30 % səhm paketi 50 min 289 manata özəlləşdirilib.
Qeyd edilməlidir ki, hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investsiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.
Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 18 iyulda keçiriləcəkdir. Hərraca ümumilikdə 124 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5- isə nəqliyyat vasitəsidir.
Babək Cahandarov