Paytaxtın 20 Yanvar küçəsindəki mənzillərdən birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Ev sahibəsi mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, məlumatla əlaqədar ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarından və kriminalistlərdən ibarət əməliyyat qrupu hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar.
Mənzili müayinəsi zamanı əl-barmaq izləri götürülüb, digər əməliyyat tədbirləri keçirilib.
Hadisə yerindən götürülmüş izlərin müvafiq qaydada ekspertizası əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin əl-barmaq izləri ilə eyniyyət təşkil etməsi barədə rəy verib.
Əməliyyat-axtarış tədbirləri ilə Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin yeri müəyyənləşdirilib. O, iyulun 6-da şübhəli şəxs qismində saxlanılaraq 19-cu polıs bölməsınə gətirilib.
Onun ətrafında aparılan tədbirlərlə və əsaslı dəlilər qarşısında o, törətdiyi əməli etiraf edib. Bildirib ki, həmin mənzilə pəncərədən girərək daxil olub, oradan 450 manat, 3100 ABŞ dolları və qızıl əşyaları oğurlayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
1news.az