“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb.
Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi” çərçivəsində Abşeron rayonu Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. İyul ayının 10-da layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova son illər Xırdalan şəhərinin əhalisinin 2 dəfədən çox artdığını, bu səbəbdən mövcud su və kanalizasiya şəbəkəsinin şəhəri tam əhatə etmədiyini bildirdi:
“Bu gün təməli qoyulan içməli su və kanalizasiya layihəsi bütün şəhəri əhatə edəcək. Abşeron sakinləri hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edib və hesab edirik ki, bu layihə ölkə başçısının yerli sakinlərə böyük hədiyyəsidir. İnanıram ki, bu layihənin icrası nəticəsində bütün şəhər əhalisinin içməli su problemi öz həllini tapacaq, sakinlər fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq”.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verərək bildirdi ki, hazırda respublikanın əksər şəhər və rayon mərkəzlərində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur:
“Azərsu” ASC 7 beynəlxalq maliyyə instiutu ilə əməkdaşlıq edir və bu qurumlarla 20-dən artıq layihə reallaşdırır. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyəsi ilə həyata keçirilən layihə Xırdalan şəhərinin həm içməli su, həmdə kanalizasiya probleminin tam həllinə imkan verəcəkdir”.
Nəzərinizə çatdıraq ki, Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 200 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihəyə əsasən, Xırdalan şəhərinə içməli su Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən veriləcək. Bu məqsədlə Ceyranbatan-Zirə magistral kəmərinin marşrutu üzərində hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı tikiləcək və anbarlardan şəhərə 4,5 km magistral su xətləri çəkiləcək. Xırdalan şəhərində ümumi uzunluğu 168 km olan paylayıcı su şəbəkəsi yaradılacaq, 21200 ünvana ev birləşməsi veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulur.
Layihə çərçivəsində Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhərdə 109 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, kanalizasiya quyuları tikiləcək, ev birləşmələri veriləcək.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi də Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilir. Qəsəbədə tikinti quraşdırma işlərinin birinci mərhələsi üzrə işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Babək Cahandarov