Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonunda apardığı təmizləmə əməliyyatı ilə bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Füzuli rayonunun Araz Yağlıvənd kəndi – Horadiz-Bakı avtomobil yolunun həmin kənddən keçən hissəsində qazıntı aparılan əraziyə baxış keçirilib, 1 ədəd partlamış “Qrad” raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 06 iyul 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 5 789 ədəd partlamamış hərbi sursat, 193 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 686 642 kv.m ərazi (708 858 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Babək Cahandarov