Bu günlərdə misirli alim, Ayn Şəms Universitetinin dosenti, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
1news.az xəbər verir ki, ona fəxri üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar təqdim edib.
Xalq yazıçısı Anar Misir və Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərinin apardığı işləri yüksək qiymətləndirib və uğurlar arzulayıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetində “Çağdaş Azərbaycan romanlarında mövzu, janr və üslub məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Əhməd Sami azərbaycanşünas alim kimi bir çox ciddi tədqiqatlara imza atıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında xeyli sayda araşdırmaların müəllifi olan tədqiqatçının əsərləri müxtəlif ərəb ölkələrinin nüfuzlu dərgilərində dərc edilib.
Əhməd Sami tərcümə sahəsində də gərgin əmək sərf edib, “Müasir Azərbaycan nəsri” antologiyasını ərəb dilinə tərcümə edərək Misirdə nəşr etdirib. Eyni zamanda Nobel mükafatı lauretı, məşhur Misir yazıçısı Nəcib Məhfuzun “Liderin qətl günü” romanı onun tərcüməsində Azərbaycanda nəşr olunub. İndiyədək onun tərcüməsində 10-dan artıq kitab nəşr edilib.
O, həmçinin Azərbaycan həqiqətlərinin, xüsusilə Dağlıq Qarabağ probleminin ərəb dünyasında tanıdılmasında mühüm xidmətlər göstərib.
Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilmiş ilk Misir alimidir.
Pərvanə Sultanova