Bakıda ilk dəfə olaraq iki görkəmli meksikalı rəssam Dieqo Rivera və Frida Kalonun həyatına həsr olunan fotosərginin açılışı olub.
1news.az-ın məlumatına görə, Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə rəssamların 96 əsəri nümayiş olunur.
Fotolarda rəssamların həyatının müxtəlif dövrlərini, vacib hadisələri və əksər anlarda kamera arxasında qalan gündəlik həyatı təqdim olunur.
İlk dəfə 2002-ci ildə Dieqo Rivera və Frida Kalonun ev-muzeyində sərgilənmiş əsərlər XX əsrin bu şöhrətli cütlüyün görüşləri və ayrılıqlarını nümayiş edir.
Dünya incəsənətinin ən vacib simalarından olan Dieqo Rivera və Frida Kalo Meksika rəssamlıq tarixində XX-ci əsrin ən məhşur cütlüklərindən biri idi. Dieqo Rivera (1886-1957) – dahi divarüstü rəssam və Meksika sosialist realizminin əsas nümayəndəsi, Frida Kalo (1907-1954) isə sürrealist rəssam idi. Onların həyat yolu kinoda əksini tapmış, bir çox romanların yaradılmasına ilham vermişdir.
Pərvanə Sultanova