İyulun 4-5-də Belçikanın Brüssel şəhərində Avropa İttifaqının Nəqliyyat Departamentində “Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların ikinci mərhələsi keçirilib.
1news.az-a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidməti verilən xəbərə görə, danışıqlarda Azərbaycan tərəfdən Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Nümayəndə heyətinin tərkibinə Dövlət Mülki Aviasiya Administrasiyasının və Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin əməkdaşları, o cümlədən Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin təmsilçiləri də daxil olub.
Səmimi və açıq şəkildə keçirilmiş görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətlərini ərz edib.
Danışıqlar zamanı Azərbaycan tərəfinin irad, təklif və arzuları müzakirə edilmiş, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verilmişdir. Görüşün nəticəsi olaraq protokol imzalanıb.
Danışıqların növbəti – 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınmışdır. O zamana kimi Azərbaycan Respublikasının digər nazirlik və komitələrinin rəyləri nəzərə alınaraq operativ şəkildə Avropa İttifaqı və üzv dövlətlərinə bildirilməsi və Bakıda keçiriləcək görüşdə artıq sazişin yekun variantının hazırlanması gözlənilir.
“Vahid aviasiya məkanı haqqında Saziş” layihəsi üzrə danışıqların başlanması xüsusilə onunla əlamətdardır ki, ən yaxın perspektivdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Əməkdaşlıq və tərəfdaşlıq haqqında” yeni Sazişin imzalanması gözlənilir”, - deyə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədov görüşdə çıxış edərək bildirib.
Onun sözlərinə görə, sözügedən görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək.
Arif Məmmədov həmçinin Azərbaycanın mülki aviasiya sahəsində artıq müəyyən müsbət əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edib.
S.Xankişiyeva