“YARAT” Müasir İncəsənət Mərkəzində musiqi bayramı təşkil olunub.
1news.az-ın məlumatına görə, əvvəlcə tədbirlə bağlı mətbuat konfransı keçirilib.
Fransanın Azərbaycandakı səfirliyinin birinci müşaviri xanım Fabien Dru-Lozinski, Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söhbət açıblar.
Bildirilib ki, bu musiqi bayramı dünyanın 120 ölkəsində, eləcədə 30 ildir Fransada ənənəvi olaraq qeyd edilir.
Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrindən söz açan natiqlər bildirib ki, ölkələrimiz arasında mədəniyyət sahəsində inkişaf hər zaman diqqət mərkəzində olub.
Vurğulanıb ki, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu musiqi bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.
Qeyd edək ki, musiqi bayramı çərçivəsində Azərbaycandakı Fransız İnstitutu, Fransanın ölkəmizdəki səfirliyi, “YARAT” Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində musiqili tədbirlər təşkil olunub.
1news.az