Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 7 dini icmaya şəhadətnamələr təqdim edilib.
1news.az-ın məlumatına görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığını söyləyən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dinə dövlət qayğısından, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib.
Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolunu xüsusi vurğulayan Səyyad Salahlı bildirib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə dini icmalar da məsuliyyət daşıyır.
Dövlət Komitəsi sədrinin birinci müavini yeni qeydiyyatdan keçən dini icmaları dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.
Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 767 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 739-u İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
1news.az