Cənubi Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasının təşkil etdiyi dünya çempionatı başa çatıb.
1news.az-ın Azərbaycan Taekvondo Federasiyasına istinadən verdiyi xəbərə görə, 24-30 iyun tarıxlərində keçirilən mundiala 12 idmançı ilə qatılan milli komandamızın üzvləri bu çempionatda bir qızıl və bir bürünc medal qazanıb.
Yarışın son günü mübarizəyə qatılan Milad Beigi Hərçəqani Milad qarşılaşdığı rəqibləri nigerli Djibo Bagna Kadrı (30:9), yapon idmançı Hidenori Ebatanı (18:7), ispaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Komandamızın liderlərindən olan M.Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Cooka şans verməyib (41:5). Finalda isə rusiyalı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edən Milad fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarımfinala yüksələn Məhəmməd Məmmədov (-63 kq) isə yarmfinal döyüşündə iranlı Mihashem Hosseiniə 5:6 hesabı ilə məğlub olaraq dünya çempionatının bürünc mükafatına layiq görülüb.
“G12”kateqoriyalıçempionatın əvvəlki yarış günlərində Qaşım Maqomedov (54), Sina Bahrami (74 kq), Fizam Mehdiyev (58 kq), Ayxan Tağızadə (68 kq), Radik İsayev (87 kq-dan yuxarı), Ramin Əzizov (87 kq), qadınların mübarizəsində isə Safiye Polat (46 kq), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizədən məğlub ayrılaraq yarışı erkən başa vurublar.
Babək Cahandarov