İyulun 3-dən 9-dək İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri təşkil olunacaq. Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədi ilə təşkil edilir.
Tədbir çərçivəsində Tehrandakı Vəhdət Sarayında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor: Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə Azərbaycan və İran bəstəkarlarının əsərlərindən ibarət qala konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi, iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat, Ərəsbaran Mədəniyyət Mərkəzində Azərbaycan filmlərinin (“Buta”, “Çölçü”, “Nabat”, “Yarımçıq xatirələr”, “Dərs”) nümayişi, eyni zamanda Tehrandakı “Hünər” sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Ü. Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və İranlı musiqiçilərin iştirakı ilə İsfahanda da konsert proqramı təşkil olunacaq.
Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək. Səfər çərçivəsində nazirin bir sıra görüşləri nəzərdə tutulub.
Babək Cahandarov