Xristianların Azərbaycandakı zəngin tarixi irslərini və ənənələrini işıq üzünə çıxarmaq, eləcə də ölkəmizdə tarixən mövcud olan multikultural, tolerant ənənələri təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub.
Komitədən 1news.az-a verilən məlumata görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən nəşr edilən kitabın müəllifi Dövlət Komitəsinin dini təhsil sektorunun müdiri Anar Əlizadədir.
Tədqiqat əsərinin “Qədim Şərq kilsəsi”, “Pravoslavlıq”, “Katoliklik”, “Ruhani xristianlıq”, “Protestantlıq” kimi fəsillərində qrafik, cədvəl və sxemlər əsasında ölkəmizdə mövcud olan bütün xristian konfessiyalar, cərəyanlar və dini icmaların tarixi keçmişləri, inanc əsasları, idarəetmə strukturu, etnik, say və yaş tərkibi haqqında təfsilatlı məlumat verilib.
Zəngin fotomaterialların yer aldığı nəşrin ərsəyə gətirilməsində Azərbaycan Dövlət Tarix Arxivinin, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın müvəkkilinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin arxiv materiallarından istifadə olunub, eyni zamanda, Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan duxoborlardan müsahibə götürülüb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin respublikamızda yaşayan xristianların dini həyatlarının işıqlandırılması və yeni tədqiqatların aparılması baxımından əhəmiyyətli olacağına ümidvarıq.
Babək Cahandarov