Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 20-si gündüzdən ayın 21-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, dolu düşüb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan yağış nəticəsində çaylarda sululuq artıb.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 4-36, Qazax-Gəncə zonasında 1-30, Mərkəzi-Aran rayonlarında 11-20, Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1 mm təşkil edib, Sumqayıtda da yağış müşahidə olunub.
Göygöl, Daşkəsən, Goranboy rayonunun Qaraçinar, Zeyvə, Şəfəq kəndləri, Ağstafa, Naftalan, Gədəbəy, Daşkəsən rayonunun Quşçular kəndinə dolu düşüb.
Şimal-qərb küləyi Daşkəsən, Ağstafa, Şəmkir, Qazıməmməd, Tərtər, Gəncə, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir güclənib.
Babək Cahandarov