Hindistanın Azərbaycandakı səfirliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt, Qobustan və Gəncə daxil olmaqla bir çox şəhərlərdə 3-cü Beynəlxalq Yoqa Günü çərçivəsində ictimaiyyətə açıq yoqa seansları və tədbirləri keçirir.
1news.az-a səfirlikdən verilən məlumata görə, yoqa həftəsi Hindistanın Azərbaycandakı Assosiasiyasının üzvləri və Yoga Shahi, Art of living Azərbaycan, Sirvananda yoqa mərkəzi kimi yoqa məktəblərindən olan 150 nəfərdən artıq yoqa həvəskarının iştirakı ilə 18 iyun tarixində Qobustanda açıq havada keçirilən yoqa seansı ilə başlayıb.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən ibarət olduğunu bildirib. Yoqa hər yaşda olan insanın yerinə yetirə biləcəyi sadə hərəkətlərdən ibarətdir.
Səfir Rana Azərbaycanda Yoqa Həftəsi çərçivəsində ictimaiyyətə açıq bir neçə tədbirin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Tədbirlər İçərişəhərdə (21 iyun), Gəncədə (23 iyun), Sumqayıtın yeni Dənizkənarı Bulvarında (24 iyun) və Atəşgahda, Suraxanı qəsəbəsində (25 iyun) keçiriləcək. Bütün tədbirlər ictimaiyyətə açıqdır və iştirak üçün heç bir ödəniş tələb olunmur. Yoqa sevərlər və fitnes həvəskarları, yeni başlayanlar və təcrübəli şəxslər yoqa seanslarına qoşula bilərlər.
Yoqa bütün dünyada populyarlaşmaqdadır. 2014-cü ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Həmin tarixdən etibarən 21 iyun Beynəlxalq Yoqa Günü dünyada milyonlarla insan tərəfindən sevinclə qeyd olunur.
Pərvanə Sultanova