Çin Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlıdır.
1news.az-a “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu fikir “Azərbaycan Dəmir Yolları” QSC-də Çinin Ningxia Kommersiya Departamentinin baş direktorunun müavini, Ningxia Liman Ofisinin direktoru Kong Guohuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər - bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir.
Sonra beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili məsələsi müzakirə olunub.
Çinin Ningxia Kommersiya Departamentinin baş direktorunun müavini Kong Guohua Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.
Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Ningxia Kommersiya Departamenti arasında Bakı Dəniz Ticarət Limanından istifadə sahəsində niyyət protokolu imzalanıb. Protokolda Bakı Dəniz Ticarət Limanının coğrafi üstünlüklərini və təchizatlarını nəzərə alaraq, buranın Azərbaycan və Xəzər dənizi ərazisindən keçərək Çindən Avropaya, İrana və Rusiyaya, eyni zamanda əks istiqamətdə gedən yüklərin daşınmasında regional toplayıcı və paylayıcı mərkəz kimi istifadə olunması üçün əməkdaşlığın qurulması maraqları ifadə olunub.
S.Xankişiyeva