Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Rauf Əliyev ömrünün 70-ci ilində dünyasını dəyişib.
1news.az Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, iyunun 14-də Təzəpir məscidində mərhumla vida mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaxınları iştirak edirdi.
Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək Rauf Əliyevin həyat və yaradıcılıq fəaliyyətindən danışıb. Qeyd edib ki, Rauf Əliyev 1947-ci il mayın 1-də Şuşa şəhərində anadan olub. Bildirilib ki, Rauf Əliyev məhsuldar bəstəkar xadimi kimi müxtəlif janrlarda əsərlər yazıb. Onun simfoniyaları, konsertləri, xor və kamera əsərləri, mahnıları, kino musiqisi geniş ictimaiyyətə yaxşı tanışdır.
Vurğulanıb ki, Rauf Əliyev zəngin yaradıcılığı ilə yanaşı, həm də gözəl insani keyfiyyətlərə sahib bir şəxsiyyət idi. Bəstəkarlar İttifaqının təşkil etdiyi elə bir tədbir yox idi ki, Rauf Əliyev orada iştirak etməsin. Eyni zamanda, onun əsrləri də tez-tez tədbirlərdə, konsert salonlarında səsləndirilirdi.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Rauf Əliyevin kino sahəsində xidmətlərindən danışıb. Bildirib ki, mərhum uzun illər “Azərbaycanfilm” kinostudiyasının musiqi üzrə baş redaktoru olub. Onun “Ana yurdum, Azərbaycan” odası, “Türk oğlu, irəli!” marşı, Qarabağda şəhid olanların xatirəsinə həsr olunmuş “Memorial-Qarabağ” əsərləri bəstəkarın Vətənə, torpağa, xalqa bağlılığından, tükənməz vətənpərvərliyindən xəbər verir.
Qeyd olunub ki, bəstəkar “Fəryad”, “Yalan”, “Vahimə”, “Azadlığa gedən yollar”, “İşığını əsirgəmə”, “Azərbaycan haqqında həqiqət”, “Kənar adamlar” və digər bədii və sənədli filmlərə musiqi yazıb, 10-a yaxın mahnının müəllifidir.
Vida mərasimindən sonra mərhumun cənazəsi son mənzilə yola salınıb.
Allah rəhmət eləsin
1news.az