Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi yeni media layihələrinin başlanması ilə bağlı təqdimat edib.
1news.az xəbər verir ki, Avropa İttifaqı nümayəndəliyi, ADA Universiteti, ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi və ASAN Radionun birgə layihəsi olan "AvropadAsan" radio verilişinin artıq 2 proqramı efirə çıxıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis layihələr barədə məlumat verib.
100 FM radio dalğasında efirə çıxan "AvropadASAN” bir saatlıq radio verilişi olub, Avropa ilə bağlı təhsil, informasiya və əyləncəli xəbərlərdən bəhs edəcək və musiqi ilə müşayiət olunur. Verilişə Avropa İttifaqında mədəniyyət, təhsil, səyahət, musiqi dünyasının ən son trendləri barədə məlumatlar daxil olacaqdır.
"AvropadASAN” Azərbaycanda baş tutacaq Avropa mədəniyyət tədbirlərindən danışacaq. Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə tərəfdaşlıqda Azərbaycanda fəaliyyət göstərən Aİ nümayəndəliyi və Avropa səfirlikləri tərəfindən təşkil olunan gələcək konsertlər, sərgilər, film festivalları, müsabiqələr və digər bayram tədbirləri barədə proqramda məlumat veriləcək.
"AvropadASAN” hər ayın birinci və üçüncü həftəsinin çərşənbə axşamı günləri saat 18.30-19.30-da efirə veriləcək, hər ayın ikinci və dördüncü həftəsinin cümə axşamı günlərində saat 14:00 - 15:00-da təkrarlanacaqdır.
www.SizinAvropa.az Avropa İttifaqı/Avropa Ittifaqı üzv ölkələri ilə Azərbaycan arasında qarşılıqlı əlaqə/mübadiləyə xüsusi diqqət çəkən, mədəniyyət, incəsənət, təhsil, mədəniyyətlərarası dialoq və turizm kimi mövzuları özündə əks etdirən Azərbaycan dilində olan bir veb platformadır. "United Cultures" şirkəti tərəfindən idarə olunan platformanın əsas məqsədləri Azərbaycanda Avropa qurumları ilə yerli əhalinin, xüsüsilə də, gənc nəsil arasında dialoqu gücləndirmək; mədəniyyət sahəsində əməkdaşlığı artırmaq; Avropa mədəniyyəti, təhsili, səyahət imkanları və mədəniyyətlərarası mübadilə barədə faydalı məlumat və xəbərlər vermək və s. kimi bir çox məsələlərdir.
Tədbirdə hekayə və foto müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Mart ayı boyunca Aİ-nın maliyyələşdirdiyi "EU NEIGHBOURS east" layihəsi Şərq Tərəfdaşlığı ölkələri olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan gənclər üçün "#EUaroundU – Hekayəni danış!" müsabiqəsini keçirib. Gənclər Aİ-nın onların şəxsi həyatına və ya icmasına göstərdiyi təsirdən bəhs edən hekayələrini yazıblar. Müsabiqədə birinci yeri tutan Sara Rəcəbli Şərq Tərəfdaşlığı Gənclər Forumunda iştirak etmək üçün 22-23 iyun tarixlərində Polşaya səfər edəcək.
May ayında Aİ nümayəndəliyi "Azərbaycanda Avropanı tap!" foto müsabiqəsini keçirib. İştirakçılar Aİ və ya Avropa ilə aydın əlaqəni göstərən Azərbaycanda çəkilmiş şəkilləri qısa məlumatla birgə göndəriblər. Aİ nümayəndəliyi üç qalibə sertifikat və müxtəlif dəyərdə olan kameralar hədiyyə edib.
Pərvanə Sultanova