Bakı Metropoliteni ilə Rusiyanın metro vaqonlarının istehsalçı şirkəti olan “Transmaşholdinq” QSC arasında əlaqələr yeni müstəvidə genişləndirilir.
1news.az-ın məlumatına görə, bu gün “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov “Transmaşholdinq” QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Transmaşholdinq” QSC-nin direktoru Kiril Lipa, müəssisənin direktorlar şurasının sədri Andrey Andreyev, biznesin inkişafı üzrə kommersiya direktoru Andrey Vasilyev və “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov iştirak edib.
Səfər çərçivəsində əməkdaşlığın geniş perspektivləri, fikir və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalanması nəzərdə tutulub.
İmzalanması nəzərdə tutulan müqaviləyə əsasən, istehsalçı müəssisə Bakı metropolitenini yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz edəcək. Bu vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verir. Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar paslanmayan poladdan istehsal ediləcək.
Asinxron dartı mühərriki ilə təchiz olunan qatarlarda yeni nəsil kompüter texnologiyalarına söykənən idarəetmə sistemləri tətbiq edilib. Həmçinin əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət olunacaq.
Qeyd edək ki, Sovet dövründə Bakı metropoliteninin yeganə vaqon təminatçısı olan “Metrovaqonmaş” şirkəti 2015-ci ilin aprel ayında “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi Fransanın “Alstom” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı metropolitenini texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub və hər biri 5 vaqondan ibarət 81-760.B/761.B/763.B modelli 3 yeni qatarla təchiz etmişdi.
Müqaviləyə əsasən, istehsal olunacaq qatarlar həmin analoqları ilə müqayisədə daha təkmilləşdirilmiş olacaq. Sərnişin rahatlığı və təhlükəsizliyinin müasir tələblərinə cavab verəcək səs-küysüz, kondisionerləşdirilmiş və mikroiqlim nəzarəti olan vaqonlar geniş qapı keçidi ilə seçiləcək. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm olacaq. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək.
Vaqonların sahəsi əvvəlki modellərdən fərqli olaraq 15 faiz genişləndirilib və döşəməsi yeni kompozit materiallardan hazırlanır. Daha etibarlı və uzunömürlü işıqdiodlu işıqlanma sistemi həm də salonun mikroiqlim şəraitinə də uyğunlaşdırılır. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri, eləcə də oturacaqları və tutacaqları da əvvəlkilərlə müqayisədə daha təkmilləşdirilərək, sərnişin rahatlığı baxımından yeniliklərlə zənginləşdirilib.
Ümumiyyətlə, Bakı metrosu üçün istehsal olunacaq yeni qatarlar bir sıra yenilikləri ilə seçiləcək və istehsal prosesi dövründə oxucularımıza bu barədə daha geniş məlumat veriləcək.
Babək Cahandarov