İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, QMİ-nin bölgə qazısı, Saatlı şəhər “Cümə” məscidinin axundu Vadər Əliquliyev, dini icma sədrləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini bildirib. O, cənab Prezident tərəfindən bu ilin "İslam Həmrəyliyi İli” elan olunmasını, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərildiyini vurğulayaraq Azərbaycandakı multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb.
Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən Səyyad Salahlı hər bir müsəlmanın təəssübkeşlikdən qaçmalı olduğunu və müsəlman dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd edib. O, bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin tarixi missiyanı həyata keçirdiyini vurğulayıb.
Komitə sədrinin birinci müavini İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verib, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Babək Cahandarov