Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini əməkdaşlıq imkanlarını tanımaq və ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə Naftalan şəhərinə səfər edib.
Səfirlikdən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovla görüş keçirilib.
İcra Hakimiyyətinin başçısı Naftalan barədə geniş məlumat verərək, onun tibbi turizm sahəsindəki böyük potensialından söz açıb. Qeyd olunub ki, şəhərin sanatoriyaları hər il çoxsaylı xarici turistləri cəlb etməkdədir.
Səfir Labardini ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanları barədə danışıb. Dünyanın ən çox ziyarət olunan 9 ölkəsindən biri olan Meksikada turizmin sabit inkişafından danışaraq, romantik turizm, ekoloji turizm, lüks-turizm, tibbi turizm və sair imkanlarına görə dünyada məşhur olan Meksikanın şəhər və regionaların adını çəkib.
Bu baxımdan, təfərlər adıçəkilən sektorun inkişafına töhfə verəcək təcrübə mübadiləsinin reallaşmasını məqsədyönlü sayıblar. Hər iki tərəf əməkdaşlıq əlaqələrinin güclənməsi və inkişafına dair istəkli olduqlarını bildiriblər.
Pərvanə Sultanova