Avropa İttifaqı- Azərbaycan biznes forumu ənənəvi xarakter daşıyır. Bu foruma böyük maraq var.
1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Aİ-Azərbaycan biznes forumunda deyib. O bildirib ki, tədbirin keçirilməsində başlıca məqsəd Azərbaycanda aparılan islahatlar barədə məlumat vermək, Aİ-nin işgüzar dairələri ilə əməkdaşlığı inkişaf etdirməkdir.
Nazir əlavə edib ki, ötən forumdan sonra Azərbaycanın sosial-iqtisadi həyatında mühüm yeniliklər baş verib:
“Aİ ilə əməkdaşlığın inkişafı xarici siyasətimizdə mühüm yer tutur. Bir il ərzində qarşılıqlı əlaqələr də bunu göstərir. Azərbaycan Prezidentin bu il Aİ- yə uğurlu səfəri həyata keçirildi. Gələn həftə isə Avropa komissarı Yohanes Han Bakıya səfər edəcək”.
Nazir deyib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin 35 faizi Aİ ölkələrinin payına düşüb. Bu il isı bu rəqəm 38 faiz təşkil edib:
“Azərbaycan iqtisadiyyatına investisiyaların həcmi 20 milyard dollardır ki, bu da ümumi investisiyakarın 46 faizini təşkil edir. Aİ-nin qeyri -neft sektorunda payı isə 3 milyard dollar təşkil edib. Ölkəmizdə 1300-dən çox Aİ ölkələrini təmsil edən şirkət fəaliyyət göstərir”.
Ş.Mustafayev Cənub Qaz Dəhlizinin istifadəyə verilməsinin Aİ- Azərbaycan əlaqələrində yeni bir səhifə açacağını da vurğulayıb.
Azərbaycanda investisiya qoyulması ilə bağlı əlverişli mühütin olduğunu deyən nazir bildirib ki, ölkədə siyasi cəhətdən sabitlik hökm sürür, iqtidarla xalqın birliyi mövcuddur:
“Azərbaycan çox təhlükəsiz bir ölkədir və beynəlxalq reytinqlərə görə, Azərbaycan MDB-də ən təhkükəsiz, dayanaqlı ölkədir. Ölkədə əlveriçli infrastruktur yaradılıb. İnvestisiya qoyuluşunun cəlbediciliyi ilə bağlı işlər görülür. Korrupsiyaya qarşı güclü mübarizə aparılır. ASAN xidmət buna bir nümunədir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları var. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır”.
Pərvanə Sultanova