Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.
Son illər Azərbaycan iqtisadiyyatda və sosial sahədə nəzərəçarpan uğurlar əldə edib, iqtisadi, ictimai-siyasi və mədəni inkişafın bir sıra istiqamətlərində aparıcı mövqelər qazanaraq beynəlxalq aləmdə nüfuzunu möhkəmlədib.
Azərbaycan və Dağıstan xalqlarını tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır, bizim mədəniyyətimizdə, dinimizdə ortaq cəhətlər çoxdur. Azərbaycan Respublikası Dağıstanın ən böyük ənənəvi xarici ticarət tərəfdaşıdır. Biz Azərbaycan rəhbərliyinin qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək, müxtəlif sahələrdə müştərək perspektivli layihələr həyata keçirmək üçün səmimi səylərini yüksək qiymətləndiririk.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq əminəm ki, dostluğumuzu və səmərəli qarşılıqlı əlaqələrimizi qoruyub saxlamaq naminə bundan sonra da səylərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə, bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh və firavanlıq arzu edirəm”.
S.Xankişiyeva