Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçirilir.
Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edir.
Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edən güləşçilərimiz ilk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
42 kq çəkidə mübarizə aparan Qurban Qurbanov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Həlledici görüşdə komanda yoldaşına uduzan Ariz Hüseynov isə gümüş medalla kifayətlənib.
50 kq-da yarışan Əsgər Əlizadə də bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına yiyələnib. Əsgər Əlizadə həmçinin günün "ən texnikalı güləşçisi" mükafatına da layiq görülüb və xüsusi kubokla təltif olunub.
Bürünc medalı isə yığmamıza Zaur Əliyev (50 kq) qazandırıb.
Turnirin ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edir.
Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyul tarixlərində Bosniya və Hersoqoviniyada, Dünya çempionatı isə 4-10 sentyabr tarixlərində Yunanıstanda baş tutacaq.
Babək Cahandarov