Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası iyunun 7-də işini “Korrupsiyaya qarşı mübarizədə beynəlxalq və regional əməkdaşlıq mexanizmləri” mövzusunda ikinci plenar iclas ilə davam etdirib.
1news.az-ın verdiyi xəbərə görə, iclasa sədrlik edən İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Serac yüksək səviyyədə təşkil olunan bu mühüm tədbirin ikinci günündə də səmərəli müzakirələrin aparılacağını qeyd edib.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, ölkəmiz korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşəbbüslərdə fəal iştirak edərək, müsbət təcrübənin tətbiqinə daim diqqət yetirir. Son 15 il ərzində ölkəmizdə sistemli antikorrupsiya islahatları həyata keçirilib. Bu dövr dörd mərhələdən ibarətdir.
2004-2007-ci illəri əhatə edən birinci mərhələdə korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik bazası formalaşdırılıb, 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Bu dövrdə, həmçinin institusional islahatlar aparılıb, iki ixtisaslaşmış qurum – Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, dövlət proqramlarının icrasını həyata keçirir.
Bildirilib ki, 2007-2011-ci illəri əhatə edən ikinci mərhələdə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması prioritet istiqamətlər kimi müəyyən edilib. Bu istiqamətdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul edilib, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların fəaliyyəti təkmilləşdirilib, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub, geniş maarifləndirmə işi aparılıb.
2012-2015-ci illəri əhatə edən üçüncü mərhələdə dövlət idarəçiliyində İKT-nin uğurlu tətbiqi və korrupsiyaya qarşı mübarizə prioritet olub. Bu dövrdə açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illəri əhatə edən iki Milli Fəaliyyət Planı qəbul edilib və yüksək səviyyədə icra olunub.
2016-2018-ci illəri əhatə edən dördüncü mərhələdə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair tədbirlərin davamlılığı məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə açıq hökumətin təşviqinə dair 2016-2020-ci illəri əhatə edən Milli Fəaliyyət Planı qəbul edilib.
Azərbaycanda korrupsiyaya qarşı uğurlu mübarizə üçün bütün zəruri mexanizmlərin mövcudluğunu vurğulayan K.Cəfərov korrupsiyaya qarşı mübarizənin daimi proses olduğunu bildirib.
Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ölkəmizdə Ombudsman təsisatının fəaliyyətindən danışıb. Korrupsiyanın cəmiyyətdə dağıdıcı proses olduğunu deyən A.Səfixanlı bu sahədə digər müvafiq qurumlar kimi, ombudsmanın da geniş fəaliyyət istiqamətlərinin olduğunu bildirib. Korrupsiya hallarının qarşısının alınmasında müvafiq qurumlarla ombudsman arasında səmərəli əməkdaşlığın önəmini qeyd edən aparat rəhbəri deyib ki, ölkəmizdə artıq 15 ildir fəaliyyət göstərən Ombudsman təsisatının müstəqil fəaliyyəti üçün qanunvericiliklə hər cür şərait yaradılıb. O, ombudsmanın digər dövlət orqanları, eləcə də vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu, cəmiyyətdə geniş maarifləndirmə işi apardığını, ölkəmizdə antikorrupsiya tədbirlərində fəal iştirak etdiyini, bu sahədə qanunvericilik bazasının formalaşdırılması prosesinə cəlb olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərov dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində mühüm təsisat olduğunu bildirib. Qeyd olunub ki, indiyədək “ASAN xidmət”ə 15 milyon nəfər müraciət edib, xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir. “ASAN xidmət” korrupsiyanın olmadığı, şəffaf və effektiv dövlət qurumudur”, - deyən A.Cəfərli diqqətə çatdırıb ki, qurumun “Facebook” səhifəsində yarım milyon nəfər qeydiyyatdadır və onların müraciətləri onlayn qaydada cavablandırılır.
Bakıda 5, bölgələrdə isə 6 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini deyən Aparat rəhbəri səyyar “ASAN xidmət”in imkanlarından hazırda 1,2 milyon nəfərin yararlandığını bildirib. Öz xidmətlərini vətəndaşların müraciəti əsasında onların ünvanına çatdıraraq da təmin edən qurum, həmçinin əməkdaşların peşəkarlığının artırılmasına xüsusi diqqət yetirir. Son dörd il ərzində 3 mindən çox dövlət qulluqçusu təlimlərə cəlb olunub. Bu qəbildən olan təlimlər müxtəlif ölkələrdə də təşkil edilir.
“ASAN viza” elektron sistemi barədə məlumat verən A.Cəfərli deyib ki, ölkəmizə gəlmək istəyən şəxslər üç gün ərzində rahat şəkildə viza ala bilərlər. Bu sahədə şəffaflığın təmin olunmasında digər xidmət – “ASAN pay” də mühüm əhəmiyyət daşıyır.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, korrupsiyaya qarşı mübarizənin ən mühüm şərtlərindən olan siyasi iradənin mövcudluğu ölkəmizdə özünü bu sahədə dörd Milli Fəaliyyət Planının qəbul edilməsində və iki ixtisaslaşmış qurumun yaradılmasında göstərib. Son illərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları fəal rol oynayır, geniş maarifləndirmə işinin aparılmasında müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə digər mühüm amillərdən biri də vətəndaş cəmiyyətinin antikorrupsiya şəbəkəsinin yaradılmasıdır. Hazırda bu şəbəkənin sıralarında 27 QHT birləşib.
Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılması prosesinə cəlb olunduğunu vurğulayan Ə.Nuriyev bu baxımdan ötən il yaradılan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının önəmini xüsusi vurğulayıb.
İclasda çıxış edən Tacikistan ombudsmanın müavini Rəcəbmo Badriddinova, Pakistanın Milli Hesabatlılıq Bürosunun rəisi Zahir Şah, ombudsmanın katibi Amir Sial, Özbəkistan ombudsmanı Uluqbek Muhammediyev, Qırğızıstan ombudsmanı Kubatbek Otorbayev, Qazaxıstan Ombudsman Aparatının şöbə müdiri Rişat Raximov, İranın Dövlət Baş Müfəttişliyinin sədri Naser Serac, Əfqanıstanın korrupsiyaya qarşı mübarizə və təftiş qurumunun şöbə rəisi Zahid Vahidullah ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlər, bu prosesdə ombudsmanların rolu, onların antikorrupsiya tədbirlərində iştirakı, korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində insan hüquq və azadlıqlarının qorunması məsələləri barədə məlumat veriblər.
Plenar iclasdan sonra Pakistanda ECO-nun antikorrupsiya mərkəzinin açılmasına dair müqavilə imzalanıb.
Tədbirin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iclasda faydalı fikir və təcrübə mübadiləsinin aparıldığını bildirib. Baş prokuror qeyd edib ki, tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman ölkələri ilə mehriban qarşılıqlı münasibətlərin qurulmasına dair müdrik siyasətinin növbəti uğurlu nəticələrindən biridir. Regionda və dünya miqyasında nüfuz qazanan, ortaq mədəni, tarixi köklərimizə dayanan ECO çərçivəsində səylərimizin birləşdirilməsi ölkələrimizin davamlı inkişafı naminə tələblərdən birinə çevrilib. Təsis olunduğu vaxtdan yüksək nailiyyətlər əldə edən ECO çərçivəsində üzv ölkələr bir sıra prioritet istiqamətlər, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri ilə yanaşı, son illər korrupsiyaya qarşı mübarizə üzrə də yaxından əməkdaşlıq edirlər.
Baş prokuror Azərbaycan hökumətinin siyasi və maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Prokurorluğu və insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən təşkil olunan ikigünlük tədbirdə aparılan fikir mübadiləsinin və səsləndirilən təkliflərin təşkilata üzv ölkələrdə korrupsiyaya qarşı mübarizə işinin daha geniş miqyasda həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
ECO baş katibinin müavini Seyed Calaluddin Ələvi Bakıda yüksək səviyyədə təşkil olunan iclas çərçivəsində səmərəli müzakirələrin aparıldığını bildirib. O, iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Sonra təşkilati məsələlər müzakirə olunub, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə korrupsiyaya qarşı mübarizəyə dair Bakı Bəyannaməsi qəbul edilib.
S.Xankişiyeva