Bakıda dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 218-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyəti, Rusiyanın ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən mərasimdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
İlk öncə şəhərimizin mərkəzində A.S.Puşkinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önunə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyulub.
Tədbiri giriş sözü ilə “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova açaraq belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər.
Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb.
Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub, Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.
Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şerləri Azərbaycan, rus, alman, fransız və ingilis dillərində səslənib, məktəblilər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.
Babək Cahandarov