5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Binəqədi-Novxanı yolunun sol kənarında iməcilik keçirilib.
1news.az-ın məlumatına görə, nazirliyin əməkdaşlarının, qeyri-hökumət təşkilatları, ictimai birlik və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 5 hektar ərazi 100 m3-ə qədər məişət tullantısından təmizlənib.
Qeyd edək ki, iməciliyin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.
Hər il 5 iyun “Ümumdünya ətraf mühit günü”ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Xatırladaq ki, 5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub.
Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada qeyd olunmağa başlanmışdı.
Babək Cahandarov