Tverdə 9 nəfəri qətlə yetirənin kimliyi açıqlanıb
04 iyun, 2017 14:26
Rusiyanın Tver vilayətinin Konkov rayonu Redkino qəsəbəsində 9 nəfəri güllələyən şəxsin adı məlum olub.
1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu, 45 yaşlı Moskva sakini Sergey Yeqorovdur.
Qətlə yetirilənlərin üçü Redkino qəsəbəsinin sakinləridir, digər 6 nəfərin isə Moskvadan gəldiyi bildirilir.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, qanlı qətldən əvvəl bağ evində süfrə arxasında 11 nəfər olub. Qəsəbədə elektrik işləyən S.Yeqorov məclis zamanı baş verən münaqişədən sonra evinə dönərək “Sayqa” markalı ov tüfəngi ilə geri qayıdıb və bağ evində olan 9 nəfəri qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1news.az