Vətəndaşların əmək hüquqları və sosial təminatı ilə bağlı məsələlər ölkə Konstitusiyasında öz əksini tapıb və onların həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılıb.
1news.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın 2004-cü ildə Avropa Sosial Xartiyaya qoşulmasından sonra 1,6 milyon yeni iş yeri yaradılıb. Nəticədə ölkədə işsizlik 5 faizə endirilib, əhalinin gəlirləri isə 8 dəfə artıb:
“Ölkə prezidentinin dediyi kimi, sosial sahə ölkənin prioritet sahəsidir və bu sahənin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda son illər güclü sosial təminat sistemi formalaşıb, islahatlar aparılıb, müasir tələblərə uyğunlaşdırılmış istiqamətdə addımlar atılıb. Azərbaycan bu sahədə beynəlxalq tələb və standartlara cavab verir.
Hər kəsin əmək və sosial hüquqları ölkənin Konstitusiyasında əksini tapıb. Azərbaycan prezidenti ötən 13 ildə bu sahədə 81 fərman və sərəncam imzalayıb. Sosial müdafiə sahəsində hər ay 2 milyon 330 min vətəndaşa 316 milyondan çox vəsait ödənilir”.
Babək Cahandarov