İyunun 1-də Bakıda XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransı işə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konfransda dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak edir.
Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, konfrans neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Neft-qaz ixracatçısı olan Azərbaycan həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr ilə regionun, eləcə də Avropa qitəsinin enerji infrastrukturunu dəyişir.
“ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu Vud isə qeyd edib ki, aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ekspertləri vahid müzakirə ətrafında bir araya gətirən neft-qaz konfransı bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün yaxşı imkan yaradır.
Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub.
Konfrans işini müxtəlif sessiyalarla davam etdirir. Dünyanın müxtəlif ölkələrindən 40-dan çox məruzəçi, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlərlə bağlı çıxışlar edirlər. “Caspian Oil&Gas” sərgisini müşayiət edən konfransda regionun aktual məsələləri müzakirə olunur.
Plenar sessiyanın mövzusu “Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və strateji inkişaf perspektivləri”dir. Sonra “Əsas operatorların “onşor” (sahil) və “ofşor” (dəniz) yataqlarının işlənməsi üzrə planları. Neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi”, “Azərbaycanda neft emalı və neft–kimya sənayelərinin cari vəziyyəti və inkişafı”, “Neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli. Azərbaycan - Xəzər regionunun nəqliyyat-logistika qovşağı”, “Kəşfiyyat və hasilat əməliyyatları üzrə məsrəflərin optimallaşdırılması və səmərəliliyin artırılması üçün qabaqcıl texnologıyaların tətbiqi”, “Kadrların hazırlanmasında rəqəmsal texnologiyaların effektiv rolu”, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi” kimi aktual mövzularda diskussiya keçiriləcək.
Bu il daimi iştirakçı və tərəfdaş olan BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir. Bu yubileyə konfransın “BP şirkəti-son 25 ildə Azərbaycanın daimi tərəfdaşı” adlı xüsusi sessiyası həsr olunub.
Konfransı 20 şirkət-sponsor dəstəkləyir. Belə ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Qızıl sponsorlar isə “BP” və “Petronas” şirkətləridir.
Bu il ilk dəfə olaraq, sərgi iştirakçıları və konfransın nümayəndə heyəti üçün Bibiheybət mədəni ərazisində yerləşən, dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusunu ziyarət ediblər.
“Caspian Oil&Gas” sərgi və konfransı yenidən həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcək.
S.Xankişiyeva