Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
"Zati-aliləri. Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı tərəqqi və firavanlıq diləyirəm".
XXX
Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan:
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi böyük məmnunluq hissi ilə çatdırıram.
Bu fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsini arzulayırıq.
Zati-alinizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirik.
Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin".
XXX
“Gülhan-Dearsan” şirkətlər qrupunun rəhbəri Əziz Yıldırımdan:
"Möhtərəm cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi “Fənərbağça” idman klubu və “Gülhan-Dearsan” şirkətlər qrupu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Uzaqgörən siyasətiniz, qətiyyətli rəhbərliyiniz ilə dost və qardaş Azərbaycanın inkişaf edən iqtisadi, siyasi və hərbi gücü sayəsində gələcəyə inamla baxan, firavan və əmin-amanlıq içində olan bir ölkəyə çevrilərək Qafqazın parıldayan ulduzu olmasından böyük məmnunluq və sevinc hissi duyur, qürurlanırıq.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin hər gün daha da inkişaf etməsi üçün iqtisadi, hərbi və yüksək texnologiyalar sahələrində iş və güc birliyimizi daha yüksək səviyyəyə çatdıracaq hər cür dəstəyimizin əmrinizdə olduğunu xüsusi vurğulamaq istəyirəm.
Fürsətdən istifadə edərək Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən əziz şəhidlərə Allahdan rəhmət diləyirəm.
Sizə dərin ehtiramımı bildirirəm".
XXX
"TEKFEN İnşaat" şirkətinin prezidenti Levent Kafkaslıdan:
"Möhtərəm cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına “Tekfen İnşaat” şirkəti adından və şəxsən öz adımdan səmimi və xoş arzularımı çatdırmaq istərdim.
Azərbaycan Respublikasının iqtisadiyyatda və sosial sahədə qazandığı mühüm uğurlar, ölkənin bu günü və gələcəyi naminə genişmiqyaslı layihələrin reallaşdırılması və islahatların aparılması Sizin rəhbərliyiniz ilə həyata keçirilən quruculuq işlərinin nəticəsidir. 2015-ci ildə tarixi nailiyyət olan birinci Avropa Oyunları, bu il keçirilən İslam Həmrəyliyi Oyunları bütün dünyaya Azərbaycanın sürətlə inkişaf etdiyini göstərdi.
Çox hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzu edirəm.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
XXX
Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:
"Zati-aliləri cənab Prezident. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi yetirirəm.
Sizi əmin edirəm ki, mən Monqolustan ilə Azərbaycan arasındakı dostluq münasibətlərini xalqlarımızın maraqları naminə daha da genişləndirməyə və inkişaf etdirməyə sadiqəm.
Monqolustan beynəlxalq səviyyədə dənizə çıxışı olmayan, inkişaf edən ölkələr məsələsi ilə bağlı qəti fəaliyyət göstərir və bu ölkələrin Ulan-Batorda Beynəlxalq Beyin Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Əminəm ki, Azərbaycan yaxın gələcəkdə dənizə çıxışı olmayan, inkişaf edən ölkələrin hüquqlarının və maraqlarının qorunmasına xidmət edən Beynəlxalq Beyin Mərkəzinin yaradılması barədə çoxtərəfli razılaşmaya qoşulacaq.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının firavanlığı və inkişafı ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
S.Xankişiyeva