May ayının 5-dən etibarən Respublika ərazisində sürü halında yaşayan Mərakeş və İtaliya çəyirtkələrinə qarşı kimyəvi mübarizə tədbirlərinə start verilib.
1news.az-ın məlumatına görə, bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları tərəfindən Tovuz rayonu ərazisində 3440 hektar, Qazax rayonunda 460 hektar, Samux rayonunda 500 hektar, Ağstafa rayonunda isə 1420 hektar dövlət ehtiyat fond torpaqlarında kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Eyni zamanda, Biləsuvar rayonu ərazisindəki 2200 hektar, Salyan rayonunda 600 hektar, Saatlı rayonunda 1400 hektar, İmişli rayonunda 4405 hektar, Hacıqabul rayonunda 1250 hektar, Şamaxı rayonunda isə 425 hektar dövlət ehtiyat fond torpaqlarında zərərvericilərin məhv edilməsi həyata keçirilib. Ümumilikdə isə ölkə üzrə 16100 hektar sahədə kimyəvi dərmanlama işləri aparılıb.
Mübarizə tədbirləri müasir və yüksək manevr qabiliyyəti olan “AU8115M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.
Hazırda Dövlət Xidmətinin yerli qurumları və Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələri tərəfindən Tovuz, Qazax, Ağstafa rayonlarının Ağdağ adlanan ərazisində və Çeyrançöl adlanan dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri həyata keçirilir.
Nəzərə alınmalıdır ki, çəyirtkələr sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratlar sutka ərzində sürü ilə 30 km, tək uçduqda isə 250 km-dən çox məsafəni qət edə bilir.
Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Ona görə də mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır ki, zərərin qarşısı tez bir zamanda alınsın.
Babək Cahandarov