İyunun 4-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Talant” Tədris Mərkəzinin rəsm dərnəyi tələbələrinin “İstedadlı əllər” adlı rəsm sərgisi keçiriləcək.
1news.az-ın Akademiyaya istinadən verdiyi xəbərə görə, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq sərginin əsas məqsədi uşaqların dünyaya baxışlarını, rəng duyumlarını, milli-mənəvi dəyərlərlə bağlı düşüncələrini, uşaqlara göstərilən qayğı və onların qorunmasını rəsmlər vasitəsilə həmyaşıdlarına nümayiş etdirməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar müxtəlif tədbirlər və layihələr keçirilir.
Sərgidə 5 yaşından 25 yaşına qədər 20 həvəskar rəssamın 80-dən artıq əl işindən ibarət sulu boya, quaş, rəngli karandaşlar ilə işlənmiş rəsm işləri nümayiş etdiriləcək. Qeyd edək ki, bu, “Talant” Tədris Mərkəzinin rəsm dərnəyinin rəhbəri Nihal Qüdrətlinin tələbələrinin ikinci sərgisidir. Sərgidə nümayiş olunacaq rəsmlər arasında portret və mənzərə janrı üstünlük təşkil edir.
Daha çox fərqlənən və bəyənilən əl işlərinin müəlliflərinə həvəsləndirici diplomlar təqdim olunacaq.
Babək Cahandarov