Mayın 30-da Ağstafa rayonunun Muğanlı kəndinə təbii qaz verilib.
1news.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 521 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 616 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 50 min 356 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 521 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Ağstafa rayonunun daha 3 kəndində - Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Tədbirdə çıxış edən sakinlər yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Babək Cahandarov